Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının sabiq rəhbəri şəhid Ayətullah Xamenei (Allah ona rəhmət eləsin) Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisi şərh edərkən xalqa xidmət məsələsinə toxunub. Həmin çıxışı siz dəyərli oxucuların diqqətinə təqdim edirik.
Bağışlayan və mehriban Allahın adı ilə
Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurub: «سید القوم خادمهم» — «Bir qövmün ağası və böyüyü onun xidmətçisidir». Yəni hər hansı bir qövmün daha böyük və daha üstün şəxsi həmin qövmə xidmət edəndir. Yaxud bu, o mənada başa düşülə bilər ki, kim daha çox xidmət edərsə, ağalıq və rəhbərlik məqamına daha layiqdir.
Deməli, bir qövmün ağasının kim olduğunu müəyyən etmək üçün onun əsil-nəcabətinə, soyuna, adına və tituluna baxmayaq, gəlin onun kimə daha çox xidmət etdiyinə nəzər salaq. Kim daha çox xidmət edirsə, həmin şəxs o qövmün ağasıdır.
Yaxud bunu belə də başa düşmək olar: bir qövmün ağası olan və hansı səbəbdən, hansı amilə görə ona ağalıq və rəhbərlik verilmişsə, həmin şəxs bu toplumun içində həmin qövmün xidmətçisi olmalıdır. Bəzən bu, belə ifadə olunur ki, məsul şəxslər xalqın nökərləridir. Bəziləri irad tuturlar ki, «Ağa, “nökər” sözünü işlətməyin». Yaxşı, bu, Peyğəmbərin sözüdür axı, «xidmətçi» yəni nökər deməkdir.
Bu ifadə, bir tərəfdən xalqa xidmətin əhəmiyyətini və dəyərini göstərir, İslamın müqəddəs şəriəti və Peyğəmbəri-Əkrəmin nəzərində xalqa xidmət etməyin, xalq üçün çalışmanın, xalq naminə zəhmət çəkməyin və insanlara fayda verməyin nə qədər əhəmiyyətli olduğunu bəyan edir, digər tərəfdən isə yanlış bir təsəvvürü və səhv bir düşüncə tərzini aradan qaldırır. İnsanın rəhbərlik və ağalıq məqamına çatdıqda öz zehnində formalaşdırdığı yanlış təsəvvürü.
Məsələn, hansısa idarədə və ya hansısa toplumda rəhbər olduğumuz zaman öz varlığımıza və şəxsiyyətimizə münasibətdə zehnimizdə müəyyən bir təsəvvür formalaşır, sanki bizim üçün xüsusi bir toxunulmazlıq sahəsi olmalı və bizə qeyri-adi bir nüfuz və imtiyaz verilməlidir.
Xeyr! Hədis buyurur ki, əgər hər hansı səbəbdən bu toplumun, bu qövmün və ya bu xalqın, hansı səviyyədə olmasından asılı olmayaraq rəhbərliyini üzərinizə götürmüsünüzsə, dərhal sizin üzərinizə bir vəzifə düşür və bu vəzifə həmin insanlara xidmət etməkdir.
Baxın, bu yanaşma ilə dünyanın geniş yayılmış mədəniyyətlərində və maddi dünyagörüşlərində mövcud olan yanaşma arasında nə qədər böyük fərq var. Həmin mədəniyyətlərdə belə düşünülür ki, insan rəhbər kabinetinə daxil olub rəhbər kreslosunda əyləşdiyi andan etibarən sanki onun ətrafında nüfuz və titullardan ibarət bir hasar çəkilir və artıq heç kimin ona zərrə qədər toxunmağa haqqı yoxdur.
Xeyr! Siz rəhbərsiniz, çox yaxşı, deməli, xidmət etməyə borclusunuz. Buna görə də ikinci məna, ikinci ehtimal budur. Birinci ehtimal isə ondan ibarətdir ki, kimin rəhbər olduğunu müəyyən etmək istəyiriksə, baxaq görək kim hamıdan daha çox xidmət edir, bununla da onun rəhbər olduğunu anlayaq.
Səs yazısını dinləmək və yükləmək
Şəhid Ayətullah Seyid Əli Xameneinin həzrət Peyğəmbərdən (s) nəql olunan bir hədisin şərhini izah edərkən:
Əxlaq dərsi | İslam mədəniyyətində rəhbərlik üstünlük deyil, xalqa xidmət etmək məsuliyyətidir
Hövzə / Həzrət Peyğəmbəri-Əkrəmin (s) nəzərində ağalıq və rəhbərlik titul, əsil-nəcabət və ictimai mövqe ilə müəyyən edilmir, əksinə, xalqa xidmət «qövmün ağası»nı tanımaq üçün mühüm meyar hesab olunur. Bu məfhum şəhid Ayətullah Xameneinin (r) hədis şərhində rəhbər və məsul şəxslərin xidmət göstərmək məsuliyyətinə xüsusi diqqət yetirilməklə izah edilib.
Rəyiniz